Şirkətin yaradıcısı – alman konstruktoru və sənayeçisi Adam Opel 1837-ci ildə Rasselhaymda anadan olub. 1862-ci ildə o, tikiş maşınları istehsal edən fabrik açdı. Fabrikin məhsullarına tələbat böyük idi, bu səbəbdən tikiş maşınlarının istehsalı 1911-ci ilədək davam etdi. Amma Adam Opel daim irəliyə doğru addımlayırdı və hələ 1886-cı ildə ekipaj təkərlərinin istehsalının əsasını qoymuşdu. Bundan bir il sonra istedadlı mühəndisin təşəbbüskarlığı sayəsində onun müəssisələri velosiped istehsalını nizama saldı. Beləliklə, “Adam Opel AG” şirkəti yarandı. O vaxt bu şirkət səhmdar cəmiyyət deyil, məhdud məsuliyyətli cəmiyyət idi.
1895-ci ildə Adam Opel vəfat etdikdən sonra şirkətin idarəçiliyi onun beş oğlunun – Karl, Vilhelm, Henrix, Fridrix və Lüdviqin ixtiyarına keçdi. 1898-ci ildə Rasselhaymda ilk “Opel-Lutsmann” avtomobilləri yığıldı. Bu avtomobillər bir silindrli mühərriklərlə təchiz olunmuşdu. Arxada yerləşən bu aqreqatın həcmi 1,5 litrə, gücü 4 at gücünə, maksimal sürəti isə 20 km/saata bərabər idi.